Şəkidə "Balaca qəlblərlə böyük görüş" layihəsi keçirilib
- 07 oktyabr, 2025
- 16:01

Yeni Klinika rəhbərliyi, tibbi heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyilə Şəki şəhər 6 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərini ziyarət ediblər.
"Report" xəbər verir ki, klinikanın direktoru Barat Yusubov fəaliyyətləri haqqında məlumat verərək Şəki Şəhər İcra Hakimiyyəti ilə gələcəkdə də sosial və humanitar istiqamətli layihələrin həyata keçirilməsində əməkdaşlığa hazır olduğunu bildirib.
"Balaca qəlblərlə böyük görüş" adlı sosial layihə çərçivəsində təşkil olunan səfərin məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onların sağlamlıq vəziyyətinə diqqət yetirmək və cəmiyyətin diqqətini qayğıya ehtiyacı olan uşaqların problemlərinə yönəltmək olub.
Ziyarət zamanı uşaq evinin sakinləri Yeni Klinikanın həkim-pediatrları tərəfindən müayinə olunub, onlarla səmimi söhbətlər aparılıb, müxtəlif hədiyyələr təqdim edilib.
B.Yusubov uşaq evinin direktor müavini İlhamə Məmmədova ilə görüşərək müəssisədə yaradılmış şəraitlə tanış olub, burada yaşayan uşaqların sağlamlıq vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb.