Türkiyəli nazir müavini: Süni intellekt yaxın gələcəkdə həkimlərin bəzi funksiyalarını avtomatlaşdıra bilər
- 24 sentyabr, 2025
- 11:58

Süni intellektin tibbdə tətbiqi artıq reallığa çevrilir və bu, yaxın gələcəkdə həkimlərin bir çox funksiyalarını avtomatlaşdıra bilər.
"Report" xəbər verir ki, bunu Türkiyə əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər" mövzusunda təşkil edilən tədbirin açılış sessiyasındakı çıxışında deyib.
O bildirib ki, əgər süni intelekt həkimin yerinə keçərsə, ixtisaslı kadrların işsizlik problemi yarana bilər:
"Lakin texnologiyanın həkimin yanında işləyən ağıllı alət kimi yerləşdirilməsi həm səhiyyəni gücləndirə, həm də iş yerlərini qoruya bilər. Bu məsələlərin həlli üçün dövlət səviyyəsində atılmalı addımlar var. Tibbi süni intellekt yalnız insan nəzarəti ilə işləməli, nəticələr qeydə alınmalı və şəffaflıq təmin olunmalıdır.
İşini itirən və ya rolu dəyişən tibbi kadrlar üçün dövlət dəstəyi ilə yenidən təlim və maliyyə proqramları yaradılmalıdır. Tibb və rəqəmsal xidmətlərdə süni intellektin tətbiqi pasiyent naviqatorları, məlumat mühafizəçiləri və tibbi analitiklər kimi yeni iş yerləri aça bilər".
Nazir müavini vurğulayıb ki, universitetlərdə fəlsəfə, tibb tarixi, etika və ünsiyyət dərsləri saxlanılmalı, həkimlərin humanitar bacarıqları qorunmalıdır:
"Tələbələr süni intellektin iş prinsipləri, riskləri, hüquqi və etik çərçivələri, rəqəmsal təhlükəsizlik bacarıqları ilə təchiz edilməlidir. Simulyasiya mərkəzləri genişləndirilməli, tələbələr real xəstələrə baxışa çıxmazdan əvvəl süni intellektlə yanaşı qərar verməyi virtual xəstəxana şəraitində öyrənməlidirlər. Mövcud həkimlər üçün mikro-sertifikatlar və qısa kurslar təşkil olunmalı, onların yeni rollara uyğunlaşması təmin edilməlidir".
"Mütəxəssislər hesab edirlər ki, süni intellekt tibbdə qaçılmazdır. Amma proses düzgün idarə olunduqda, bu, həkimləri işsiz qoymaq əvəzinə, onların iş yükünü azaldacaq, səhiyyəni əlçatan edəcək və yeni peşələr yaradacaq", - L.Alpkan əlavə edib.