Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib

Digər ölkələr
  • 20 sentyabr, 2026
  • 04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib

Çilinin sabiq prezidenti və BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Mişel Baçelet BMT-nin Baş katibi postuna namizədliyindən imtina etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Baçelet "Instagram"da paylaşılan videoçarxda bildirib.

"Bu gün mən BMT-nin Baş katibi postu uğrunda mübarizəni davam etdirməmək qərarımı elan edirəm", - o bildirib.

Baçelet Braziliya Prezidenti Luis İnasio Lula da Silvaya və Meksika Prezidenti Klaudiya Şeynbauma onun namizədliyini irəli sürdüklərinə və dəstəklədiklərinə görə təşəkkür edib.

BMT-nin Baş katibi postuna Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi (Argentina), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan (Kosta-Rika), Seneqalın sabiq prezidenti Maki Sal, Ekvadorun keçmiş xarici işlər naziri və sabiq müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriqes-Birket və Ekvadorun ABŞ və Fransadakı keçmiş səfiri İvonn Baki iddia etməkdə davam edirlər.