Səudiyyə Ərəbistanı Azərbaycana 46,5 ton qurban əti göndərib
- 04 noyabr, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı Krallığı qurban ətinin paylanması proqramı çərçivəsində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 46,5 ton qurban əti göndərib.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteyli bildirib.
Onun sözlərinə görə, sosial yardımın göstərilməsinə görə cavabdeh olan nazirlikdə ən çox ehtiyacı olan vətəndaşların siyahıları mövcuddur ki, bu da yardımın ünvanlı şəkildə paylanmasını təmin etməyə imkan verəcək.
"Bu təşəbbüs Səudiyyə Ərəbistanı Krallığı ilə bütün İslam ölkələri, o cümlədən Azərbaycan arasında sıx sosial əlaqələri təsdiqləyir və bütün dünyada İslam qardaşlığı hissini gücləndirir", - səfir qeyd edib.
İssam bin Saleh əl-Cüteyli vurğulayıb ki, proqram Krallıq rəhbərliyinin bütün İslam dünyası müsəlmanlarını dəstəkləmək istəyini əks etdirir.
Səfir əməkdaşlığa və proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.