Bu il Azərbaycanda xarici turistlərin xərclərinin 2 dəfə artırılması planlaşdırılır

Turizm
  • 04 noyabr, 2026
  • 11:32
Bu il Azərbaycanda xarici turistlərin xərclərinin 2 dəfə artırılması planlaşdırılır

"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, ölkədə xarici turistlərin xərcləri təxminən 2 dəfə - 3,3 milyard manatdan 6,3 milyard manata qədər artmalıdır.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən III Beynəlxalq Sağlamlıq Turizmi Konfransında "Sea Breeze Health Valley"nin baş əməliyyat direktoru Moniş Arora məlumat verib.

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il üçün turizmin inkişafı üzrə dövlət proqramının təsdiqlənməsi vasitəsilə bizə verilmiş mandat, əslində, perspektivə dair strateji baxışı formalaşdıran üç əsas göstərici ilə müəyyən edilir. Onlardan birincisi xarici qonaqların xərcləridir ki, bu rəqəm 3,3 milyard manatdan 6,3 milyard manata qədər artmalıdır", - o bildirib.

M.Arora qeyd edib ki, proqramın hədəf göstəriciləri arasında turizm sahəsinin qeyri-neft ÜDM-dəki xüsusi çəkisinin 7,5 %-dən 8,6 %-ə qədər artırılması, həmçinin gələn turist axınının 2,6 milyon nəfərdən 3,8 milyon nəfərə qədər artırılması yer alır.

Onun sözlərinə görə, dövlət proqramı qarşıya tibbi turizm sahəsində ayrıca strategiya və fəaliyyət planının işlənib hazırlanması, o cümlədən beynəlxalq təşkilatların dəstəyi ilə tibb müəssisələrinin akkreditasiyası qaydalarının yaradılması üzrə konkret vəzifələr qoyur: "Naftalan kurortunun inkişafı sənəddə prioritet istiqamətlərdən biri və milli brend kimi xüsusi qeyd edilib".

Şirkətin top-meneceri vurğulayıb ki, Azərbaycan əhəmiyyətli potensiala və real tələbata malikdir, lakin mövcud axının əhəmiyyətli hissəsi hələ ki xaricə gedir: "Vəziyyəti dəyişə və xarici pasientləri cəlb edə biləcək əsas amillər kimi o, beynəlxalq xidmət standartlarının tətbiqini, bütün proseslərin dəqiq koordinasiyasını və şəffaflığını qeyd edib".

Onun sözlərinə görə, xarici pasientlər hələ səfərdən əvvəl müstəqil keyfiyyət zəmanətləri gözləyirlər: "Buraya tibbi göstəricilərin dərc edilməsi, şəffaf qiymətqoyma, bütün müalicə prosesi boyunca (o cümlədən əməliyyatdan sonrakı müşahidə) müşayiət edilmə, eləcə də klinikaların beynəlxalq akkreditasiyaya malik olması daxildir".

M.Arora qeyd edib ki, hazırda Azərbaycanda yalnız bir tibb müəssisəsi JCI ("Joint Commission International") akkreditasiyasına malikdir və bu da bütün sistemin gələcəkdə təkmilləşdirilməsi üçün əsas təməl formalaşdırır: "Bütün əsas nəticələr və parametrlər artıq müəyyən edilib. İndi biz qarşıdan gələn illər üçün konkret addımlar və fəaliyyət ardıcıllığını hazırlamalıyıq".

44 filmi