ARDNF-in gələnilki büdcəsi də profisitlə proqnozlaşdırılır

Maliyyə
  • 04 noyabr, 2026
  • 11:36
ARDNF-in gələnilki büdcəsi də profisitlə proqnozlaşdırılır

2027-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 7,8 milyard ABŞ dolları, xərclərinin 7,1 milyard ABŞ dolları olacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Beləliklə, Fondun gələnilki büdcəsi də profisitlə proqnozlaşdırılır.

"2027-ci ildə Fonddan dövlət büdcəsinə transfertinin 7 milyard ABŞ dolları olacağı gözlənilir. Bu, cari illə müqayisədə 550 milyon ABŞ dolları və yaxud 935 milyon manat azdır. Transfertin azaldılmasına yönəlmiş siyasət artıq ikinci ildir ardıcıl həyata keçirilir", - deyə o qeyd edib.

Xatırladaq ki, bu il ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (ötən illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 13 milyard 16 milyon manat (11 % az) olması proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsində Fonddan transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.