Naxçıvan Regional DOST Mərkəzinə son üç ayda 8 minə yaxın müraciət daxil olub
- 05 noyabr, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Fəaliyyətə başladığı təqribən 3 ay ərzində Naxçıvan Regional DOST Mərkəzinə 8 minə yaxın müraciət daxil olub.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini Şamil Əliyev deyib.
Onun sözlərinə görə, Mərkəzdə 15 istiqamət üzrə 164 xidmət göstərilir:
"Vətəndaş məmnunluğu göstəricisi 99 faizdən yüksəkdir. Fəaliyyətə başladığı vaxtdan indiyədək mərkəzə vətəndaşlardan 8 minə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyəti sosial müdafiə, pensiya və əmək məşğulluğu istiqamətləri ilə bağlıdır".
Direktor müavini bildirib ki, vətəndaşlar müvafiq qurumlara getmədən, vahid məkanda, "bir pəncərə" prinsipi əsasında müxtəlif xidmətlərdən yararlana bilirlər. Mərkəzdə əsas fəaliyyət istiqamətləri ilə yanaşı, vətəndaşlara funksional və yardımçı xidmətlər də təqdim olunur:
"Məlumat üçün bildirim ki, 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində xidmətlərin daha əlçatan olması məqsədilə DOST qəbul şöbələrinin yaradılması planlaşdırılır".
Qeyd edək ki, avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.