Sahib Ələkbərov: "Qlobal mənfi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb"

Maliyyə
  • 05 noyabr, 2026
  • 12:16
Sahib Ələkbərov: Qlobal mənfi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb

Qlobal mənfi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayında dünyada baş verən xoşagəlməz hadisələr təbii ki, ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşməyib: "Amma buna baxmayaraq ölkədə ümumi daxili məhsul istehsalı 1,5 % artıb. Neft-qaz sektorunda 1,2 % azalma qeydə alınmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 % artım müşahidə olunub. İqtisadi artım əsasən emal sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin edilib.

O qeyd edib ki, qeyri-neft-qaz sənayemiz 6,3 %, nəqliyyat sektoru 10%, informasiya və rabitə sektoru isə 11,1% artıb: "İqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının mühüm şərtlərindən biri investisiya fəaliyyətidir. Cari ilin 9 ayında əsas kapitala investisiyalar real ifadədə 10,9 %, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə təxminən 21 % artıb. Bu investisiyalar yeni istehsal və xidmət sahələrinin inkişafına, regionlarda iqtisadi fəallığın və məşğulluğun genişlənməsinə imkan yaradır".

S.Ələkbərov vurğulayıb ki, əhalinin gəlirlərində də müsbət dinamika müşahidə olunmaqdadır: "Orta illik inflyasiya nəzərə alınmaqla, əhalinin real gəlirləri 3,7 % artıb. Sentyabr ayında 12 aylıq inflyasiya 5,5% təşkil etməklə Mərkəzi Bankın hədəf diapazonunda qalıb".

44 filmi