Elçin Süleymanov: "SosialLab" layihəsi real iqtisadiyyata töhfə verəcək
- 28 sentyabr, 2026
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"SosialLab" layihəsi real iqtisadiyyata töhfə verəcək
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədrinin müavini Elçin Süleymanov "SosialLab" elmi-analitik müsabiqəsinin ilk mərhələsi üzrə görüşdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Milli Observatoriya əvvəlki illərdə Azərbaycanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb və məhsuldar əməkdaşlıq davam edir:
"Biz burada bu müəssisələrin məzunlarının məşğulluğunu ölçürük, universitetlərlə müxtəlif təlim və tədqiqat layihələri həyata keçiririk və bu il yeni bir layihəyə start verdik. Layihənin adı "SosialLab" elmi tədqiqat layihəsidir. Bu layihə çərçivəsində 11 ali təhsil müəssisəsinin gənc tədqiqatçılarına sosial müdafiə, əmək bazarı, demoqrafiya və sosial innovasiya istiqamətində təhlil və tədqiqat bacarıqlarını inkişaf etdirmək, onların təhlillərini daha sonra beynəlxalq müstəviyə çıxarmağı hədəfləyirik".
E.Süleymanov qeyd edib ki, iştirakçılara təlimlər, sorğuların aparılmasına dəstək göstəriləcək və iki ay sonra ortaya çıxan təhlillər ekspertlər tərəfindən nəzərdən keçiriləcək:
"Ən yaxşı təhlilləri beynəlxalq müstəvidə, "Scopus" və "Web of Science" bazasında indekslənən elmi nəşrlərə yönləndirəcəyik. Onların bütün xərclərini, bütün düzəlişlərini Observatoriya öz üzərinə götürür. 11 işin ən yaxşı 3-nü bu jurnallarda nəşr etdirməyi, digərlərini isə yenə beynəlxalq nəşrlərə və konfranslara göndərməyi, bir də bu 11 tədqiqat işinin xülasəsini çap etməyi düşünürük".
Sədr müavini əsas məqsədin dövlət və tədqiqat qurumu ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq və gənc tədqiqatçılara dəstək olduğunu bildirib:
"Burada biz 25–40 yaş arası universitet əməkdaşlarını və ən azı magistr dərəcəsi olan dissertant, doktorant və gənc alimləri prosesə qoşmuşuq. Burada dövlət qurumu ilə universitetlər arasında intensiv bir əməkdaşlıq, kollektiv işləmə bacarığı və bir də bu qurumların özlərinin əməkdaşları arasında müsbət bir "network" formalaşacaq. Düşünürük ki, bu faydalıdır. Bu yarışmanın bir başqa mühüm cəhəti odur ki, burada paytaxt ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, eyni zamanda Mingəçevir Dövlət Universitetindən də komandalar iştirak edir. Bu, region və paytaxt universitet əməkdaşları arasında da əməkdaşlığa, "networking" qurulmasına fayda verəcək".
Elçin Süleymanov həmçinin vurğulayıb ki, noyabrın sonuna qədər tədqiqat işləri hazırlanacaq:
"Milli Observatoriyadan koordinator vasitəsilə hər komandaya bir koordinator müəyyənləşdirmişik. Dekabr ayında bu təhlil və tədqiqat işləri nazirliyimizin və müxtəlif qeyri-hökumət təşkilatlarının ekspertlərindən formalaşan ekspert komandası tərəfindən dəyərləndiriləcək və finalda, dekabr ayında ilk üç ən yaxşı tədqiqat işi seçiləcək".