Dövlət qurumlarının əməkdaşları arasında intellektual yarış keçirilib
- 22 sentyabr, 2025
- 13:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda dövlət qurumlarının əməkdaşları arasında intellektual bilik yarışı keçirilib.
"Report" xəbər verir ki, yarışda 26 komanda iştirak edib.
Yarışı izləyənlər arasında dövlət qurumlarının rəhbər şəxsləri, deputatlar, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digər qonaqlar olub.
Dövlət Gömrük Komitəsinin komandası ən yüksək xal toplayaraq yarışın qalibi olub.
Sonda yaxşı nəticə göstərən komandalar mükafatlandırılıb, ilk üç yeri tutanlara sertifikat, medal və hədiyyələr, qalib komandaya isə kubok təqdim edilib.
Mükafatlandırma mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisin deputatı Musa Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər. Onlar bu yarışın əməkdaşların dünyagörüşünün, intellektual səviyyəsinin, analitik düşüncə bacarığının inkişafının stimullaşdırılmasında mühüm rol oynadığını qeyd ediblər.