Cənubi Qafqazda azad ticarət məkanının yaradılması təklif edilib
- 19 oktyabr, 2026
- 11:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Qafqazda ümumi azad ticarət məkanının yaradılması region ölkələri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə və onların beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər.
Bunu "Geocase" analitik təşkilatının rəhbəri Viktor Kipiani Tbilisidə keçirilən "Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək" mövzusunda dəyirmi masa çərçivəsində "Report"un yerli bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstanın regional nəqliyyat və logistika layihələrində əhəmiyyətini qoruması üçün Qərblə tarixən formalaşmış əlaqələrini davam etdirməsi, eyni zamanda Şərqlə əməkdaşlıq imkanlarından səmərəli istifadə etməsi vacibdir.
V.Kipiani qeyd edib ki, regional və beynəlxalq proseslər enerji marşrutlarının əhəmiyyətini artırır. O, Ukraynada davam edən münaqişə fonunda enerji nəqli istiqamətlərinin aktuallığına, eləcə də Qazaxıstan neftinin nəqli üçün Bakı–Tbilisi–Ceyhan boru kəmərindən istifadə perspektivlərinə diqqət çəkib.
Analitik hesab edir ki, Gürcüstan və Azərbaycanın mövcud enerji və nəqliyyat infrastrukturu iki ölkənin əməkdaşlığını daha da dərinləşdirmək üçün mühüm imkanlar yaradır.
O, həmçinin Cənubi Qafqazda ümumi azad ticarət məkanının yaradılması təşəbbüsünün müzakirəyə çıxarılmasını təklif edib.
V.Kipianinin fikrincə, regional əməkdaşlığın və iqtisadi əlaqələrin genişləndirilməsi Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamasına şərait yarada bilər.