Nazir müavini: Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün 150-yə yaxın vakansiya təklif olunub

Sosial müdafiə
  • 19 oktyabr, 2026
  • 11:31
Nazir müavini: Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün 150-yə yaxın vakansiya təklif olunub

Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları üçün 42 işəgötürən tərəfindən 150-yə yaxın vakansiya təklif olunub.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Dövlət Proqramı məzunları üçün təşkil edilmiş karyera sərgisindəki çıxışında deyib.

O bildirib ki, məzunlar bu sərgi çərçivəsində işəgötürənlərlə təmasda olacaq, əlaqələr quracaq, öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər:

"İşəgötürənlərin nöqteyi-nəzərindən yanaşsaq, hamımıza məlumdur ki, Dövlət Proqramı müəyyən tələblər əsasında məzunların keyfiyyətli təhsil almalarını təmin edib. Buna görə də onların kifayət qədər savadlı və bilikli olduqlarını bilirik. Lakin bununla yanaşı, işəgötürənlərin məzunlardan gözləntiləri də var. Mənə elə gəlir ki, işəgötürənlərlə ünsiyyət zamanı məzunlar universitetdə təhsil aldıqları müddətdə iştirak etdikləri komanda layihələri, onların icrası zamanı qarşılaşdığı çətinliklər və bu problemləri necə həll etmələri barədə danışsalar, daha uğurlu nəticələr əldə edə bilərlər".