Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 06 oktyabr, 2025
- 12:24

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.
"Report" xəbər verir ki, tədbir oktyabrın 30-da Naxçıvan şəhərində "Gələcəyə tərəf" devizi altında təşkil olunacaq.
Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla, bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.
Sammit işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur.
Tədbir çərçivəsində "Əmək bazarının transformasiyası" və "Dəyişikliklərə adaptasiya" adlı iki panel müzakirəsi təşkil olunacaq.
Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.