Dövlət Komitəsinin sədri: “Azərbaycanda idarəetmə və digər ixtisaslar üzrə təhsil alan qızların sayı ilbəil artır"
- 18 iyun, 2019
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda idarəetmə, iqtisadiyyat, texnologiya, neft sənayesi və digər ixtisaslar üzrə təhsil alan qızların sayı ilbəil artır. Elə bizim əsas məqsədimiz qadınlar arasında özlərinə inam yaratmaqdan ibarətdir”.
"Report"un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb: “Dayanıqlı inkişaf məqsədlərinə nail olunması qadınların təhsilə cəlbinə, onların siyasi qərarların qəbulunda iştirakına müsbət təsir göstərə bilər. Lakin bununla bağlı bəzi ölkələrdə hələ də problemlər var. Azərbaycanda isə qadın hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası yaradılıb”.
H.Hüseynova xatırladıb ki, Azərbaycanda əhalinin yarıdan çoxunu qadınlar təşkil etdiyi üçün onlar ölkənin inkişafında iştirak etməlidirlər: "Qadınların inkişaf etməsi üçün onlarda özlərinə inamın yaranması da vacibdir. Biz sevinirik ki, ölkəmizdə sahibkar qadınların sayı artır. Bu gün sahibkarlığın inkişafı üçün rayonlarda 8 Resurs Mərkəzi yaradılıb. Bu işlərin nəticəsidir ki, rayonlarda artıq məşğul əhalinin 49,9 faizi qadınlar təşkil edir. Biz işə başlayanda Azərbaycanda cəmi 4 faiz qadın sahibkar var idi. Bu gün ölkə üzrə qadın sahibkarların sayı 35 faizdən artıqdır. Azərbaycanda kənd yerlərində qadınların məşğulluğunun artırılması istiqamətində çox böyük nəticələr əldə olunub".
“Azərbaycanda qadın hüquqları üzrə QHT-lərin sayı artaraq 200-dən çox olub. Amma hələ də həll olunmamış problemlər var və onların həlli üçün işlər görülməlidir. Azərbaycanda heç bir uşaq diqqətsiz qalmır. Uşaq Strategiyası layihəsinin hazırlanması üzrə aparılan işlər artıq son mərhələdədir. Sənəd layihəsinin yaxın vaxtlarda qəbulu gözlənilir”, - H.Hüseynova əlavə edib.