Almaniyanın təşkilat rəhbəri: "Azərbaycanın milli sosial təminat sistemində aparılan islahatları maraqla izləyirik"
- 11 iyul, 2018
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 iyul. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiyasının (BSTA) prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoahim Bröyerlə birgə mətbuat konfransı keçirib.
“Report”un xəbərinə görə, konfransda Azərbaycan və BSTA, həmçinin Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatı arasında möcud əməkdaşlıq əlaqələri, bu əlaqələrin genişləndirilməsi üçün görüləcək işlərlə bağlı KİV-ə məlumatlar verilib.
Nazir əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlarda mötəbər beynəlxalq qurumlardan biri olan, dünyanın 159 ölkəsinin sosial təminat sahəsi ilə bağlı 320-dən çox qurumunu ətrafında birləşdirən BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. S.Babayev ötən dövrdə Azərbaycanın BSTA ilə fəal əməkdaşlığının göstəricisi kimi ölkənin bu təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini, Assosiasiyanın bir sıra tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Nazir həmçinin iş yerlərində əməyin təhlükəsizliyinin təmin olunması, işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, tibbi-sosial və peşə reabilitasiyası, iş yerlərində bədbəxt hadisələrdən və peşə xəstəliklərindən zərər çəkmiş insanların sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərdən bəhs edib. O, qeyd olunan sahədə Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatıilə əməkdaşlığın geniş müstəvidə qurulmasının önəmini qeyd edib.
Yoahim Bröyer Azərbaycanın milli sosial təminat sistemində aparılan islahatları maraqla izlədiklərini, bu sahədə, eləcə də əməyin təhlükəsizliyi, tibbi, sosial, peşə reabilitasiyası iş yerlərində bədbəxt hadisələrdən məcburi sığorta və profilaktika sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.