45 ilin dərzisi: "Qadınlar kişilərlə müqayisədə özlərinə pul xərcləməkdə daha xəsis olurlar"

Sosial müdafiə
  • 28 fevral, 2017
  • 10:08
45 ilin dərzisi: Qadınlar kişilərlə müqayisədə özlərinə pul xərcləməkdə daha xəsis olurlar

Bakı. 28 fevral. REPORT.AZ/ Yüz ölç, bir biç. Ataların bu məhşur deyimi həqiqi mənada götürəndə daha çox onların sənətinə uyğun gəlir. Təbii ki, söhbət əməklərinə hər zaman ehtiyac hiss edilən dərzilərdən gedir. "Report" olaraq 28 fevral - Beynəlxalq Dərzilər Günündə Xətai rayonundakı atelyelərdən birində çalışan və 45 ildir bu sənətlə məşğul olan Mədinə Əliyeva ilə söhbətləşdik. 

İlk paltarı VI sinifdə oxuyanda tikdim...

Onun dərziliyə marağı ilk təhsilini aldığı 175 nömrəli orta məktəbdə yaranıb. Məktəbdə əmək təlimi dərsləri yüksək səviyyədə keçirildiyindən onda tikiş tikməyə xüsusi həvəs yaranır. Düzdür, müəlliminin təsiri də olur. VI sinifdə oxuyanda isə dərzilik sahəsində ilk uğurunu qazanır. Özü üçün üzərində göy gülləri olan ağ parçadan tikdiyi paltar Bakı şəhərində keçirilən məktəblilərin əl işlərindən ibarət sərgidə ikinci yer tutur: "Həmin paltar indiyə kimi yadımdadır. Doğrudur, müəllimənin köməyi ilə tikmişdim, amma mənim əməyimin nəticəsi idi. Ondan sonra daha çox tikməyə başladım. İlk müştərim VIII sinifdə oxuduğum zaman olub".

Mədinə xanımın ilk müştərisi isə atası olub. Hər halda tikdiyi şalvarda bəzi qüsurlara yer verməsinə baxmayaraq, ancaq ata qızının əməyinə hörmət əlaməti olaraq onu 3-4 mövsüm geyinir. Anası atasının əksinə qızının dərzilk etməsini istəmir: "Həmin dövrlərdə indikinin əksinə olaraq dərzilik edənlərə bir az yuxarıdan aşağı baxırdılar. Anam da "bircə dərzilik etməyin qalıb" deyirdi. Mən də gizlincə tikirdim. Anam gələn kimi gizlədir, gedən kimi yenə də tikməyə başlayırdım. X sinfi bitirəndə məzun günüm üçün özümə paltar tikdim. Heç kim həmin paltarın öz əl işim olduğuna inanmırdı. Yuxarısını toxumuş, aşağısını tikmişdim. Mən həm toxuyur, həm də tikirdim, yəni əl işlərim çox çeşidli idi".

Müəllim, tibb bacısı, dərzi

O, dərslərinə də laqeyd yanaşmır, məktəbi əla və yaxşı qiymətlərlə (cəmi üç ədəd 4 qiyməti olub) bitirir: "Hər nə iş görsəm, hamıdan daha yaxşı etməyə çalışırdım. Təbii ki, alınmadığı vaxtlar da olurdu. VIII sinifdən etibarən 23 nömrəli məktəbdə təhsil aldım və oradan məzun oldum. Müəllimlərimizin hamısı yəhudilər idi".

Əliyeva Mədinə

Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirən və paralel olaraq tibb təhsili də alan həmsöhbətimiz sonradan tibb bacısı kimi də çalışır. 1976-cı ildə 203 rubla Rusiyanın ilk buraxılışı olan "Çayka" tikiş maşınını alır. Bu vaxta qədər anasının köhnə maşınından istifadə edən Mədinə xanım bundan sonra daha rahat və sürətli tikməyə başlayır. Yeni maşınla tikişdən başqa toxuyur, naxış qoyur və beləliklə, müştəriləri çoxalmağa başlayır.

Yeri gəlmişkən, nə anasında, nə də qohumlarında dərziliklə məşğul olan olmayıb: "Əvvəllər bu sənətə yuxarıdan aşağı baxılsa da, indi münasibət dəyişib. Bu işi öyrənmək istəyən həddən artıq çoxdur. Xanımlar tikiş tikməyi öyrənməyə can atırlar. Atelyelərin sayı da çoxalıb. Əvvəllər Bayılda işləyirdim və cəmi iki atelye var idi. Ancaq 3-4 ildən sonra 6-7 atelye əmələ gəldi. Tələbat çoxdur".

100 müştəridən 70-i kişi olur

Həmsöhbətimiz hazır paltarlarda keyfiyyət aşağı olduğunu, amma dərzilərin də hamısının tərifəlayiq olmadığını deyir. Hətta müştərilər içərisində aldığı paltarı düzəltməyə gətirənlər çox olur: "Müştərinin razı qalması üçün keyfiyyətli tikməyə çalışırıq. Müştərilər arasında kişilər daha çoxdur. Şalvar, kostyum, pencək, plaş, palto və s. tikdirirlər. Demək olar 100 müştəridən 70-i kişi olur. Onların arasında isə restoran sahibi, bankirlər üstünlük təşkil edir. Qadınlar kişilərlə müqayisədə özlərinə pul xərcləməkdə daha xəsis olur, bəzən paltar tikdirməyə o qədər də qıymırlar".

Modelyer deyil, dərzi kimi fəaliyyət göstərənlərə paltar tikdirmək daha ucuz başa gəlir. Sadə işləri götürsək, müsahibimiz şalvarın ətəyini 5 manata kəsir. Şalvarın özünün tikilməsi hardasa 30-35, 50 manata başa gəlir. Modeldən, parçadan asılı olaraq qiymətlər dəyişir. Kişi üçün kostyumların tikiş qiymətləri (parçanı gətirmək şərtilə) 200 manatdan başlayır: "Müqayisə etsək, moda evlərində 400-500 manata tikirlər. Hazır satış qiyməti 1000 manat olan kostyumları 300-350-yə tikirəm. 600-700 manatlıq kostyumları isə 200-250-yə tikirik. Tikdirmək daha sərfəlidir. Qadın müştərilərin əksəriyyəti isə gənc qızlar olur. Ziyafət paltarları, gündəlik paltarlar tikdirirlər. Uşaqlar üçün də tikirik. Qadın paltarları kişi geyimləri ilə müqayisədə bir az ucuzdur. Gündəlik paltarlar 60 manatdan başlayır".

Onun sözlərinə görə, müştərilər arasında müəllim və həkim kateqoriyasından olanlar az olur: "Çünki onların əmək haqları paltar tikdirməyə imkan vermir. Onlar daha çox ucuz paltar alır və düzəltdirib geyinirlər. Qadın müştərilər arasında evdar qadınlar daha çoxdur. Onlar qonaqlığa, teatra, ən çox da toya getmək üçün paltar tikdirirlər. Müştərilərim arasında eyni paltarı iki toya geyinən yoxdur. Yenisini tikdirirlər. 15-20 ildir yanıma gələn müştərilərim var, hər toyda yeni paltar tikdirir. Bəzən qarderobunun şəklini çəkib atır. "Mədinə xanım, tikdiyiniz paltarlar qarderobuma sığmır. Hamısını da verməyə heyfim gəlir", yazır".

Hazırda bir toy üçün paltarın sadəcə tikiş qiyməti 100-150 və ya 300-ə qədərdir. Mədinə xanım bizə qadınların sirlərini də açdı. Sən demə, qadınlar bahalı mağazaları boşuna gəzmirlər. Xoşlarına gələn paltarların şəklini çəkirlər və dərzidən həmin modeldə tikməsini istəyirlər: "Mən də həmin paltarların eynisini tikib müştəriyə verirəm".

O, dəridən paltolar da tikir, ancaq tikilişi 400-600 manata başa gələn qış geyimlərinin müştəriləri çox olmur.

Hətta dərzilər arasında rəqabətin necə tənzimləndiyini də öyrənirik. Sən demə, müştəri gəlib digər dərzinin daha ucuz tikdiyini deyəndə Mədinə xanım da həmin həmkarına tikdirməyi məsləhət görür: "Deyirəm, xoşun gəlirsə, ona tikdir, amma sonra mənim yanıma gəlmə. Dərzilər arasında da rəqabət olur. Amma mən heç kimin müştərisini "oğurlamıram". İmkanı zəif olanlara güzəşt də edirəm. Əvvəl nisyə tikirdim, amma indi yox. Modelyerlər bir az baha tikir. Mən dərzi kimi elə etdim ki, hər təbəqədən insan gələ bilsin. Özümü təkmilləşdirirəm və bunun üçün jurnallara baxıram. Hər mövsümün yeni modalarını öyrənirəm".

Həmsöhbətmiz həmçinin tələbə də hazırlaşdırırır. Həftədə iki dəfə iki saat müddətində istəyənlərə sənətin sirlərini öyrədir və tələbələr bunun müqabilində ona 100 manat ödəyirlər. Onlar arasında özü üçün öyrənən və peşəkar dərzi olmaq istəyənlər də var.

Kişi müştərilər daha kaprizlidir

Mədinə xanım kişi müştərilərin daha kaprizli olduğunu söyləyir: "Onların nazını çəkmək çətindir. Amma müştərilərə səbirlə yanaşırıq". Söhbətin bu yerində ondan bir az da ötən əsrin 70-ci illərinin insanları ilə indikilər arasındakı fərqi müqayisə etməsini istəyirik. Axı sənəti ilə əlaqədar çox insanlarla təmasda olur: "Yerlə-göy qədər fərq var. Münasibətlərdə, davranışda, danışıqda, özünü aparmaqda, etikada geriləmə var. Səviyyə çox düşüb. Savadsızlıq daha çoxdur".

Ev işləri üçün üç saata ehtiyacım var idi

Həmsöhbətimiz 35 il müəllimlik də edib. Sonuncu dəfə 91 saylı məktəbdə dərs hissə müdiri işləyib. Amma dərziliyə heç vaxt fasilə verməyib: "Erkəndən qalxırdım. 08:00-da məktəbdə olmalıydım. Dərs hissə müdiri kimi saat 18:00-19:00-a qədər məktəbdə olurdum. İki qızım var. Onlar da mənimlə məktəbə gedib-gəlirdilər. Onlara da dərs demişəm. İşdən sonra evdə yeməyi ocağa qoyub, evi səliqəyə salırdım. Mənim ev yığışdırıb, yemək bişirməyə cəmi üç saat vaxtım gedirdi. Sonra sifarişləri tikməyə başlayırdım. Mən hələ müəllim işləyəndə yoldaşım işsiz qaldı. Nəticədə evin maddi yükü mənim üzərimə düşdü. Pis vaxt idi. Sifariş götürməsəm, dolana bilməzdik. Böyük qızım instituta gedirdi, balacam orta məktəbdə oxuyurdu. Mən deyə bilməzdim ki, gözləyin atanız işləyəndə yeyərsiniz. Qızlarım ikisi də ali təhsil alıblar. İşlərinə uyğun çalışırlar. Dərziliyi bilmirlər".

Artıq müəllim kimi fəaliyyət göstərməyən Mədinə xanım hazırda dərziliklə məşğul olur. Görünür, uşaqlıqdan həvəs göstərdiyi bu sənət ona digər işlərindən daha doğma, daha əzizdir. Söhbətimizə bu cümlə iləsözlər yekun vurur. "Bu sənəti bilən insanın çörəyi hər zaman var".