Dövlətə məxsus pambıqçılıq müəssisəsinin xalis mənfəəti kəskin azalıb

Sənaye
  • 05 oktyabr, 2021
  • 07:22
Dövlətə məxsus pambıqçılıq müəssisəsinin xalis mənfəəti kəskin azalıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2020-ci ili 1,328 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,7 dəfə azdır.

Ötən il “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin vergiyəqədərki mənfəəti 1,66 milyon manat (əvvəlki ilə nisbətən 2,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 332 min manat (3,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin aktivləri 207,81 milyon manat olub ki, bu da illik müqayisədə 23,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,2 dəfə artaraq 70,421 milyon manata, balans kapitalı isə 0,7% artaraq 137,389 milyon manata çatıb.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 132,476 milyon manatdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.