Britaniyanın Azərbaycandakı qızıl istehsalçısı hasilat proqnozunu dəyişib

Sənaye
  • 26 sentyabr, 2023
  • 13:50
Britaniyanın Azərbaycandakı qızıl istehsalçısı hasilat proqnozunu dəyişib

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti 2023-cü il üçün qızıl ekvivalentində hasilat proqnozunu 30 min -34 min unsiyaya qədər azaldıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Şirkətin bu il üçün proqnozu qızıl ekvivalentində 50 min–54 min unsiya təşkil edirdi.

Hasilat proqnozunun dəyişdirilməsinə səbəb 2023-cü il avqustun əvvəlindən filiz emalı üçün qarışdırıcı yuyulma və flotasiya proseslərinin azaldılması olub. Bu proseslərin bərpası 2024-cü ilin I rübündə gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında “Anglo Asian Mining plc” şirkətinin ümumi hasilat həcmləri 23 391 unsiya təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 381 unsiya və ya 18,7 % azdır.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 - Tezliklə