Peter Madyar: Macarıstan və Ukrayna siyasi-iqtisadi münasibətləri yeni mərhələyə keçir

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 15:44
Peter Madyar: Macarıstan və Ukrayna siyasi-iqtisadi münasibətləri yeni mərhələyə keçir

Macarıstanın Baş naziri Peter Madyar bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin yeni səviyyəyə yüksəldilməsinin zəruriliyi barədə razılıq əldə olunub.

"Report" xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı Brüsseldə Ukrayna lideri ilə görüşünün yekunlarına dair özünün "Facebook" səhifəsində məlumat verib.

"Biz siyasi və iqtisadi münasibətlərin yeni əsaslar üzərində qurulmasının hər iki ölkənin maraqlarına cavab verdiyi qənaətinə gəldik", - P.Madyar qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin milli azlıqların vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirməklə, nazirlər səviyyəsində ikitərəfli məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Madyar Macarıstan və Ukrayna arasında Zakarpatye macarlarının hüquqlarının möhkəmləndirilməsi ilə bağlı əldə olunmuş siyasi razılaşmanı, eləcə də Ukrayna parlamenti tərəfindən milli azlıqların təhsili barədə müvafiq qanunun qəbul edilməsini alqışlayıb.

"Biz bunu qarşılıqlı etimadın bərpasına doğru ilk addım kimi qiymətləndirdik", - o vurğulayıb.

Bundan əlavə, Macarıstanın Baş naziri Ukrayna ilə həmrəy olduğunu bildirib: "Macarıstan tezliklə atəşkəsə nail olunmasına və davamlı sülhün bərqərar edilməsinə kömək etmək üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə hazırdır".