Azərbaycanın mebel istehsalçısı Avropa və ərəb ölkələrinə məhsul ixrac edəcək

Sənaye
  • 23 noyabr, 2021
  • 12:09
Azərbaycanın mebel istehsalçısı Avropa və ərəb ölkələrinə məhsul ixrac edəcək

Balaxanı Sənaye Parkının rezidenti “Alphavood” MMC bu günə qədər 73 min manat dəyərində ABŞ-a məhsul ixrac edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Balaxanı Sənaye Parkından bildirilib.

Məlumata görə, müəssisə 2019-cu ildə rezident kimi qeydiyyatdan keçib və 2020-ci ildən istehsala başlayıb: “Ötən müddət ərzində 400 min manat həcmində istehsal edilən məhsulun 73 min manat dəyərində olan hissəsini ABŞ-a ixrac edib.

Hazırda sənaye parkında fəaliyyət göstərən 16 rezidentdən biri “Alphavood” MMC-nin investisiya yatırımı 1 milyon manat təşkil edib. İllik dövriyyəsi isə 6,5 milyon manat olan bu müəssisədə plastik tullantı materiallardan qapı, arakəsmə, parket, panel, hasar və digər bu kimi məhsullar istehsal edilir. Tələbatın artması nəzərə alınaraq, gələcəkdə bir sıra Avropa və ərəb ölkələrinə də ixrac nəzərdə tutulur”.

Bildirilir ki, tullantıların təkrar emala cəlb olunması və yeni məhsul istehsalı müasir dövrün tələbidir: “Bu həm ekoloji həm də iqtisadi baxımdan çox əlverişli sayılır. Ölkəmizdə də bu sahədə uğurlu nümunələr var. 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye Parkında qeydiyyatdan keçən reizdentlər yerli bazarla yanaşı xarici ölkələrə də tullantıları emal edərək müxtəlif məhsullar ixrac edirlər”.

Vurğulanır ki, Balaxanı Sənaye Parkında tullantıları təkrar emala cəlb edərək təkrar məhsul istehsal edən rezidentlər dövlət tərəfindən xüsusi güzəştlər də əldə edirlər: “Burada fəaliyyət göstərən sahibkarlar 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunurlar. Balaxanı Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri yaradılıb. Rezidentlər tərəfindən ötən müddət ərzində ümumilikdə, 81,9 milyon manat dəyərində məhsul istehsal edilib. Tullantılardan xammal kimi istifadə edilərək hazırlanan 10,8 milyon manat dəyərində məhsul Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya, Belarus daxil olmaqla, bir çox xarici ölkələrə ixrac olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. Balaxanı Sənaye Parkının təməli 9 dekabr 2012-ci ildə ölkə başçısı tərəfindən qoyulub.

44 - Tezliklə