Azərbaycanda qızıl istehsalçısının 2022-ci ildə gəlirləri azalıb
- 16 may, 2023
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin 2022-ci ildə gəlirləri 84,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə “Report” şirkətin 2022-ci ildə fəaliyyətinə dair hazırladığı hesabata istinadən xəbər verir.
Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 7,8 milyon ABŞ dolları və ya 8,43 % azdır.
Ötən il şirkətin vergiyəqədərki mənfəəti 7,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 40,47 % azdır.
2022-ci ilin sonuna şirkətin pul vəsaitlərinin həcmi 20,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 17,1 milyon ABŞ dolları və 45,6 % azdır.
Ötən il “Anglo Asian Mining plc” şirkətinin kapital xərcləri 10,2 milyon ABŞ dolları, geoloji kəşfiyyat xərcləri isə 7,2 milyon ABŞ dolları təşkil edib.
Şirkətin gəlirlərinin azalmasına səbəb Gədəbəy yatağında hasil edilən filizdə qızılın tərkibinin aşağı olması səbəbindən hasilatın geriləməsidir.
Beləki, 2022-ci il ərzində "Anglo-Asian Mining Plc." şirkəti 57 618 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib. Bu, 2021-ci illə müqayisədə 10,82 % azdır.
Ötən il 43 114 unsiya qızıl hasil edilib. Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 11,43 % azdır. Mis istehsalı 5,02 % azalaraq 2 516 ton təşki edib. Gümüş istehsalı isə 17,82 % artaraq 182 046 unsiyaya çatıb.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.