Azərbaycanda ilk dəfə Gilar mədəni üçün vendor maliyyəsi alınacaq

Sənaye
  • 09 may, 2024
  • 12:02
Azərbaycanda ilk dəfə Gilar mədəni üçün vendor maliyyəsi alınacaq

Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin törəməsi “Azerbaijan International Mining Company Limited” (AIMC) “Caterpillar Financial Services Corporation” şirkəti ilə "Gilar" mədəni üçün avadanlığın alınması üzrə Vendor Maliyyələşdirmə Mexanizmi Sazişi imzalayıb.

“Report” bu barədə “Anglo Asian Mining plc”ə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında AIMC "Gilar" mədəni üçün 3 ədəd “R1700” və 2 ədəd “980UMA” yeraltı yükləyicilərindən (CAT) ibarət mədən avadanlığı parkını təhvil alıb.

Yeraltı donanmanın dəyəri 4,6 milyon ABŞ dolları təşkil edib ki, bu da artıq AIMC tərəfindən ödənilib. Bu məbləğin 3,7 milyon ABŞ dollarlıq hissəsi imzalanmış vendor sazişi ilə yenidən maliyyələşdiriləcək.

Bununla da, “Caterpillar Financial Services Corporation” Azərbaycanda müştəriyə ilk dəfə maliyyə dəstəyi verəcək və Cat® yeraltı avadanlıqları ilk dəfə ölkəyə gətirilib.

“Bu, AIMC üçün mühüm nailiyyətdir və ötən il “Caterpillar Financial Services Corporation”ın avadanlıqlarının ölkəyə çatdırılması ilə əlaqələrimiz daha da güclənəcək. Bu sövdələşmə şirkət üçün Azərbaycan daxilində bir ilkdir və həm də onun Azərbaycanda bu tipli ilk müqavilə olması ilə fəxr edirik. Vendor sazişi “Caterpillar Financial Services Corporation” ilə əlaqələrimizi möhkəmləndirir və gələcəkdə uzun və qarşılıqlı fayda verəcək tərəfdaşlığı səbirsizliklə gözləyirik”, - “Anglo Asian Mining”in baş icraçı direktoru Reza Vəziri bildirib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qədir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 - Tezliklə