Zaqatalada yol kənarlarında quraşdırılan heyvan kəsimi qurğuları sökülüb

Sağlamlıq
  • 24 iyul, 2019
  • 12:15
Zaqatalada yol kənarlarında quraşdırılan heyvan kəsimi qurğuları sökülüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. 

AQTA-dan "Report"a verilən məlumata görə, bu istiqamətdə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Zaqatala rayonunda keçirilib.

Agentlik əməkdaşları ilə yanaşı, Zaqtala Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə rayonda fəaliyyət qanunsuz göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Reyd zamanı yol kənarlarında quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqələrinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.

44 - Tezliklə