Vüqar Qurbanov: "Bəzi hallarda tibb işçilərinin nüfuzuna xələl gətirən əsassız şikayətlərlə üzləşirik"
- 30 dekabr, 2022
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bəzi hallarda həkimlərlə bağlı əsassız şikayətlərlə də üzləşirik ki, bu da tibb işçilərinin nüfuzuna xələl gətirir".
Bunu "Report"a müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.
O, Azərbaycanda həkim-pasiyent münasibətlər mülki qanunvericilik və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimləndiyini vurğulayıb: "Sözügedən hüquqi aktlarla pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək kimi hüquqları var".
TƏBİB rəhbəri əlavə edib ki, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlar öz tibbi hüquqlarını, onların təşkilini və müdafiəsini bilməlidirlər: "Əgər həm pasiyent, həm də həkimlər öz hüquq və vəzifələrinə düzgün əməl etsələr, tibb sahəsindəki hüquq pozuntuları azalar. Qədim tarixə malik həkim peşəsi həm də, tibbi etika ilə tənzimlənir. Hesab edirəm ki, tibbi etika həkim və xəstə arasındakı münasibətləri, həkimin kollektiv, cəmiyyət, dövlət, digər tibb işçiləri ilə münasibətlərini də tənzimləyir. "Hippokrat and"ının bəzi müddəalarını nəzərdən keçirəndə də bu münasibətlərə kompleks yanaşmanın şahidi ola bilərik. Həkimin əməyinin əsas çətinliyi ondadır ki, o, digərlərindən fərqli olaraq, heç cür, hətta kiçik səhv və ehtiyatsızlıq edə bilməz. Burada səhlənkarlıq, etinasızlıq yolverilməzdir və acı nəticələrə yol aça bilər".
V.Qurbanov söyləyib ki, həkimlik etikasına həkim sirri də aiddir: "Xəstə haqqında xəstənin özündən alınan və ya müalicə prosesində üzə çıxan və gizli qalmalı olan məlumatlar, xəstənin özünə bildirilməsi onun sosial-psixoloji durumuna mənfi təsir edən məqamlar həkim sirrinə dəlalət edir. Müasir dövrümüzdə bu münasibətlər toplusu bioetika anlayışı ilə uzlaşır. Bir məqamı da bildirim ki, cari ilin müvafiq dövründə TƏBİB-ə daxil olan vətəndaş müraciətlərinin 13 faizini etik davranış qaydalarının pozulması təşkil edib. Müayinə və müalicə prosedurları üzrə müraciətlər isə 28% olub. Daxil olmuş bu müraciətlər üzrə TƏBİB müvafiq araşdırmalar aparır, nöqsanların aradan qaldırılmasına nəzarət həyata keçirir. Tibbi xidmətin göstərilməsi zamanı vətəndaşların fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər əsaslı olduqda inzibati tədbirlər görülür".
İcraçı direktor vurğulayıb ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər: "Onu da bildirim ki, tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, peşə etikası ilə bağlı ümumilikdə 2000 dən çox personal təlimlərə cəlb edilib. Eyni zamanda onu da qeyd etməliyəm ki, tibb sahəsində kifayət qədər təcrübəli, peşəkar, bütün işgüzar, etik normalara əməl edən kifayət qədər tibb işçilərimiz var. Sağlamlığımızı əmanət etdiyimiz dəyərli həkimləri qiymətləndirmək və qorumaq da bizim borcumuzdur. Bəzi hallarda həkimlərlə bağlı əsassız şikayətlərlə də üzləşirik ki, bu da tibb işçilərinin nüfuzuna xələl gətirir".
V.Qurbanovun geniş müsahibəsini buradan oxuya bilərsiniz.