Qusarda 2 qardaşın ölümünə dəm qazı səbəb olub - RƏSMİ

Sağlamlıq
  • 17 oktyabr, 2023
  • 08:21
Qusarda 2 qardaşın ölümünə dəm qazı səbəb olub - RƏSMİ

Qusar şəhərində kirayədə yaşayan 3 nəfər Cəlilabad rayon sakininin yedikləri göbələkdən zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlarda göstərilən fakt öz təsdiqini tapmayıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Aparılan araşdırmalar zamanı və götürülmüş qan analizlərinin müayinəsi nəticəsində hadisənin qida zəhərlənməsindən yox, dəm qazı zəhərlənməsindən baş verdiyi məlum olub.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

Qeyd edək ki, oktyabrın 14-də Qusarda kirayədə yaşayan Cəlilabad rayon sakinləri olan üç qardaş - 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Sakit Yusif oğlu və 43 yaşlı Şamil Zeynalov zəhərləniblər. Nəticədə Sabir Zeynalov və Sakit Zeynalov ölüblər.

44 - Tezliklə