"e-Təbib" mobil tətbiqində pasiyent həkimi və xidməti qiymətləndirə biləcək
- 30 oktyabr, 2025
- 12:33
"e-Təbib" mobil tətbiqində pasiyentlər həkimi və xidməti qiymətləndirə biləcəklər.
Bunu "Report"a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ("Medinex 2025") deyib.
Onun sözlərinə görə, bu tətbiq agentliyin rəqəmsal səhiyyə sahəsində həyata keçirdiyi ən mühüm layihələrdən biridir və hər il yeni funksiyalarla təkmilləşdirilir:
"Bu il təqdim etdiyimiz yenilik ondan ibarətdir ki, vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində tibbi xidmət aldıqdan sonra həmin xidmətin keyfiyyətini qiymətləndirə biləcəklər. Yəni, vətəndaş mobil tətbiq vasitəsilə aldığı xidmətin səviyyəsini, həkimin fəaliyyətini və tibbi müəssisənin işini dəyərləndirə biləcək".
P.Salahova bildirib ki, bu imkan agentliyə vətəndaşların fikirlərini daha yaxından öyrənməyə və onların məmnunluğuna əsaslanaraq tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün konkret addımlar atmağa şərait yaradacaq.