Avropanın bir sıra şəhərlərində Ermənistanın mina təhlükəsinə qarşı silsilə aksiyalar keçirilir
- 22 oktyabr, 2026
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi Avropada həyata keçirilən "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərində növbəti sərgi keçirib.
"Report"un məlumatına görə, ziyarətçilərə Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasına baxmayaraq, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükənin davam etdiyi və bunun davamlı sülhə ziyan vurduğu barədə məlumat verilib.
Eyni zamanda qeyd olunub ki, Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.
Xatırladaq ki, "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində bu il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.
Qeyd edək ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb. 2026-cı il oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də "Schuman" meydanında bir qrup azərbaycanlı itkin ailəsi aksiyalar keçirib. Vurğulanıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.