Azərbaycan və Belarus ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsini müzakirə edib
- 15 sentyabr, 2026
- 18:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının ölkədəki səfiri Dmitri Pineviçlə görüşüb.
Bu barədə "Report"a Agentlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə qida obyektlərinin təsdiqi sistemi, quş əti məhsullarının sertifikatlaşdırılması, həmçinin Quba rayonunda quduzluq xəstəliyinə qarşı "Rabisafe" preparatının istehsalı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, digər baytarlıq preparatlarının birgə istehsalı perspektivləri də nəzərdən keçirilib. Həmçinin AQTİS ilə Belarusun BELFITO informasiya sistemi arasında inteqrasiya məsələsi müzakirə edilib. Qeyd olunub ki, bu istiqamətdə texniki şərtlər hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.
Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qida məhsulları üzrə genişləndirilməsi də diqqət mərkəzində olub. Tərəflər mövcud əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin və birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.