AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

Sağlamlıq
  • 04 dekabr, 2019
  • 08:41
AQTA sədri: BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb
AQTA sədri Qoşqar Təhməzli
Report

"Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yanlış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib.

Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı noyabrın 27-də evə buraxılıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.