Ukrayna HHQ: “Bizə qarşı rekord səviyyədə PUA-dan istifadə edilib”
- 05 oktyabr, 2023
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu ilin sentyabrında Rusiyadan Ukraynaya qarşı rekord səviyyədə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Buraya İran istehsallı “Shahed”, Rusiya istehsallı “Lanset”, “Kub” PUA-ları daxildir. Güman ki, Ukraynaya bundan sonra PUA-lar vasitəsilə hücumların sayı artacaq".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Yuri İqnat bildirib.
"Rusiya PUA-ları müxtəlif istiqamətlərdən buraxır: Krım, Krasnodar və Kursk-Bryanskdan. Odur ki, bu təhdidlərə adekvat şəkildə reaksiya vermək lazımdır. Əlbəttə ki, bu PUA-ları məhv etmək lazımdır və biz bunu edirik. Biz onları daha ucuz başa gələn və rasional metodlarla vurmağa çalışmalıyıq. Belə ki, PUA hücumlarının sayı artacaq, amma bizdə raketlər elə də çox deyil. Bu gün bizə həm “Buk M-1”, “S-300” kimi zenit-raket kompleksləri, həm də ”Patriot”, NASAMS və s. Qərb ölkələrinin istehsal etdiyi zenit-raket kompleksləri tədarük olunur. Hazırda da onlardan asılıyıq. Buna görə də PUA-ları, məsələn, “Gepard” zenit-raket kompleksləri və ya sovet dönəminə aid digər sistemlər və ya yeni, perspektivli vasitələrlə məhv edirik. PUA-lara qarşı həm köhnə, həm də yeni sistemlər almağa çalışırıq. Bu sistemləri çox sayda almaq lazımdır, çünki onların fəaliyyət radiusu böyük deyil. Onları ən təhlükəli istiqamətlərə göndərmək və enerji infrastrukturunu, hərbi, strateji obyektləri, o cümlədən sənaye və ərzaq sahəsi ilə bağlı infrastrukturu bu sistemlər vasitəsilə qorumaq lazımdır.
Məlum olduğu kimi, düşmən təkcə hərbi obyektləri deyil, həm də limanları, mülki obyektləri hədəfə alır. Bundan təkcə Ukrayna deyil, həm də ərzaq tədarükünə ehtiyacı olan digər ölkələr əziyyət çəkir. Əlbəttə ki, Rusiya bu yolla iqtisadiyyatımızı məhv etməyə çalışır. Bu gün Ukraynada silah çeşidi səviyyəsi çox yüksəkdir. Hazırda dünyanın heç bir ölkəsi Ukrayna kimi müxtəlif zenit-raket komplekslərinə malik deyil. Sadəcə indi Ukraynada bu sistemlərin sayı çox deyil. Amma bu sistemləri tədricən artırırıq. Əlbəttə ki, F-16 qırıcılarının tədarükünü də gözləyirik. Bu döyüş təyyarələri bizim ölkəmizin hava məkanını qoruyacaq və bu qırıcılar vasitəsilə Ukraynanın işğal altındakı ərazilərindəki Rusiya qoşunlarına zərbələr endiriləcək", - əlavə edib.