Avropa Enerji İttifaqının yaradılmasına dair planlar açıqlanıb

Energetika
  • 21 oktyabr, 2026
  • 12:07
Avropa Enerji İttifaqının yaradılmasına dair planlar açıqlanıb

Avropa Komissiyası Avropa Enerji İttifaqının yaradılması üzrə plan hazırlayacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Avropa Parlamentində bildirib.

Onun sözlərinə görə, tamhüquqlu enerji ittifaqının olmaması energetika sahəsindəki mövcud imkanlardan tam şəkildə istifadə etməyə imkan vermir: "Biz qazın qiymətlərini özümüz müəyyən edirik, lakin Avropa Enerji İttifaqının olmaması səbəbindən bir sıra imkanları əldən veririk".

Fon der Lyayen enerji məsələlərindən danışarkən Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları mövzusuna toxunub.

O vurğulayıb ki, Rusiya Ukrayna ilə müharibəni dayandırmayana qədər sanksiyalar qüvvədə qalacaq:

"Bundan əlavə, biz keçmişin dərslərini xatırlamalıyıq. Avropaya qaz tədarükünü məhz Rusiya dayandırıb. Rusiya enerji resurslarının etibarlı təchizatçısı deyil".

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Avropa zərurət olduqda ticarətin müdafiəsi alətlərindən, o cümlədən idxalın kəskin artımına operativ reaksiya verməyə imkan verən tədbirlərdən istifadə etməlidir: "Ötən həftə Avropa ölkələrinin liderləri bu cür yanaşmanı dəstəkləyən aydın müsbət siqnal veriblər".

44 filmi