TDT-nin Qəbələdəki Zirvə Görüşündə "TDT plus" formatının təsis edilməsi planlaşdırılır
- 07 oktyabr, 2025
- 01:00

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün "TDT+" formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.
"Report"un məlumatına görə, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində bildirib.
"Təşkilatımız çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək. Üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq. Dərhal vurğulamaq istəyirəm, söhbət bəzi jurnalistlərin bəzən şərh etməyə çalışdığı kimi qapalı və ya hərbi bloklardan getmir. Bu, doğru deyil", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, təhlükəsizlik məsələləri əvvəlki sammitlərin əsas mövzusu olub və qarşıdakı sammitdə də vacib mövzu olaraq qalacaq.
"Ancaq bu dəfə əsas diqqət iqtisadiyyata yönəldiləcək. İqtisadi gündəlikdə nəqliyyat, logistika, infrastruktur əlaqələri var - bu bütün üzv ölkələrimiz üçün strateji istiqamətlərdir", - deyə Ömüralıyev qeyd edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunub.