Tbilisidə Ümummilli Liderin yubileyinə həsr olunmuş sərgi açılıb

Region
  • 23 noyabr, 2023
  • 14:34
Tbilisidə Ümummilli Liderin yubileyinə həsr olunmuş sərgi açılıb

Bu gün Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

"Report"un yerli bürosu xəbər verir ki, sərgidə Marneulidən olan rəssam Xəyalə Mustafayevanın əsərləri nümayiş etdirilib.

Tədbirin təşkilatçılarından olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək bildirib ki, soydaşlarımızın Ulu Öndər Heydər Əliyevə böyük və xüsusi sevgisi var. Rəssamın çəkdiyi əsərlər həm Ulu Öndərə, həm də doğma Azərbaycana olan sevginin bariz nümunəsidir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında Azərbaycan-Gürcüstan dostluğundan, soydaşlarımızın, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib. Bildirib ki, sərgidə nümayiş etdirilən rəsm əsərləri arasında M.K.Atatürkün, Azərbaycan-Gürcüstan dostluğu, Xocalı soyqırımı, Qarabağ, Xarıbülbül, Şuşa, Ulu Öndərin vaxtilə ilə regionda həyata keçirdiyi irimiqyaslı layihələr, eləcə də, Prezident İlham Əliyevin portretlərinin nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir. Diplomat səfirliyin soydaşlarımıza hər zaman dəstək olduğunu və bundan əvvəl də rəssam X.Mustafayevanın sərgilərinə dəstək olacaqlarını qeyd edib.

ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva çıxışında X.Mustafayevanın yaradıcılığına münasibət bildirib, gənc rəssamın çəkdiyi əsərləri yüksək qiymətləndirib.

Rəssam sərginin açılışında göstərilən dəstəyə görə təşkilatçılara minnətdarlıq edib. Bildirib ki, bu əsərləri çəkməklə Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına olan sevgisini göstərmək istəyib. Sərgidə rəssamın 30-dan çox əsəri nümayiş etdirilib.

Paytaxt Tbilisi ilə yanaşı, Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri tədbirdə iştirak ediblər.