Tbilisidə Bülbülcan haqqında gürcü dilində nəşr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

Region
  • 12 oktyabr, 2018
  • 18:15
Tbilisidə Bülbülcan haqqında gürcü dilində nəşr olunmuş kitabın təqdimatı keçirilib - FOTO
Foto: "Report"

Tbilisi. 12 oktyabr. REPORT.AZ/ Tbilisidə Azərbaycanın böyük sənətkarı, xanəndə Bülbülcan (Əbdülbaqi Zülalov) haqqında gürcü dilində nəşr olunmuş “Əbdülbaqi” kitabının təqdimat mərasimi keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil olunmuş tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə baş tutub.

Tədbirdə bildirilib ki, “Əbdülbaqi” kitabı bu yaxınlarda Bakıda işıq üzü görmüş, Əbdülbaqi Zülalova həsr edilən “Bülbülcan” kitabının gürcü dilinə tərcümə olunmuş versiyasıdır.

Mərasimdə çıxış edən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru L.Əliyeva kitabın Gürcüstan ictimaiyyəti üçün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Əbdülbaqi Zülalov kimi sənətkarlar Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin əsasını qoyan şəxslərdən biri olub.

Kitabın müəlliflərindən biri Gülhüseyn Kazımlı Azərbaycanda muğam sənətinə və muğam ifaçılarına verilən yüksək qiymət və qayğıdan danışıb: “Əbdülbaqi Zülalov ömrünün 30 ilini Tbilisidə yaşayıb. “Bülbülcan” təxəllüsü ona məhz bu şəhərdə verilib. O, muğamla yanaşı, xalq mahnılarının da mahir ifaçısı olub. Bülbülcan bir neçə şah və çarın qarşısında da çıxış edib, ifasına görə həmişə yüksək qiymət və təriflərə layiq görülüb. Təəssüf ki, onun səs yazıları qalmayıb. Amma buna baxmayaraq, Bülbülcanın sənətinin şöhrəti bu gün də yaşayır”.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müşaviri Giorgi Gegeçkori çıxışında Bülbülcana həsr olunmuş kitabın müəlliflərini təbrik edib: ““Əbdülbaqi” kitabı çox dəyərlidir. “Bu kitab muğam sənətinin qorunması və gələcək nəsillərə ötürülməsinin bir nümunəsidir”.

Daha sonra çıxış edən Gürcüstanın Xalq Mahnı və Musiqi alətləri Muzeyinin direktoru Rezo Qotrikadze Əbdülbaqi Zülalovun qeyri-adi ifaçılıq məharəti olduğunu deyib: “Onun Tbilisi və Bakı ilə yanaşı, İranda da böyük şöhrəti olub. Əbdülbaqinin ifası hər zaman hamını, hətta şahları belə heyran qoyub. Məhz Əbdülbaqi kimi görkəmli muğam ifaçılarının sayəsində Azərbaycan muğamı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

Nəşri gürcü dilinə tərcümə edən yazıçı-tədqiqatçı Mirzə Məmmədoğlu kitabın Azərbaycan dilindəki versiyadan fərqli olaraq “Bülbülcan” deyil, “Əbdülbaqi” kimi adlandırılmasını belə izah edib: “Bir çox gürcü mənbələrində Əbdülbaqi Zülalov “Əbdülbaqi” kimi göstərilib. Gürcü dilində işıq üzü görən kitaba Azərbaycan dilli versiyadan fərqli olaraq, əlavə foto və digər materiallar da daxil edilib”.

Sonra gürcü ziyalıları çıxış edərək Azərbaycan musiqi və poeziyasının Gürcüstana təsirindən, qədim Tiflisdə muğama olan böyük sevgi və rəğbətdən, Əbdülbaqinin sənətinə Tiflisdə verilən yüksək qiymətdən söz açıblar.

Mərasimdə VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatçısı, gənc xanəndə Almaxanım Əhmədli muğam parçaları ifa etməklə tədbirə xüsusi ovqat qatıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, azərbaycanlı və gürcü ziyalılar, incəsənət adamları, mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər. 

44 filmi