Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır
- 27 noyabr, 2026
- 22:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Londonda keçirilən Böyük Britaniya - Mərkəzi Asiya və Cənubi Qafqaz İnfrastruktur Maliyyələşdirmə Forumunda bildirib. O, qeyd edib ki, ölkədə nəqliyyat xidmətlərinə tələbatın artması artıq özünü göstərir.
"Dünya Bankının son hesabatına görə, 2040-cı ilə qədər Orta Dəhliz boyunca yük dövriyyəsinin 2023-cü illə müqayisədə 4 dəfə artması, tranzit müddətinin isə üçdə iki qədər azalması mümkündür", - Tamar İoseliani deyib.
Nazir müavininin sözlərinə görə, Orta Dəhlizin uzunmüddətli iqtisadi əhəmiyyəti yeni investisiyaların cəlb edilməsində, sənaye sahələrinin inkişafında, əlavə iqtisadi dəyərin yaradılmasında və yerli biznesin yeni bazarlara çıxışının genişləndirilməsindədir.
T.İoseliani bildirib ki, Gürcüstan 2032-ci ilədək nəqliyyat infrastrukturunun inkişafına təxminən 7 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırır.
Nazir müavini Anakliya Dərin Dəniz Limanı layihəsini də Orta Dəhlizin inkişafı baxımından strateji əhəmiyyətli layihə kimi qiymətləndirib. O bildirib ki, məqsəd limanın ətrafında yeni sənaye və logistika mərkəzi yaratmaqdır.
T.İoseliani Bakı-Tbilisi-Qars dəmir yolunu da regional əməkdaşlığın uğurlu nümunəsi adlandırıb. Onun sözlərinə görə, layihənin modernləşdirilməsi nəticəsində illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Nazir müavini qeyd edib ki, Gürcüstan Orta Dəhlizin vahid və inteqrasiya olunmuş nəqliyyat sistemi kimi fəaliyyət göstərməsi üçün regional tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Hazırda multimodal nəqliyyat xidmətlərinin inkişafı, vahid tarif yanaşmalarının tətbiqi, dəmir yolu və dəniz daşımalarının sinxronlaşdırılması, sərhəd prosedurlarının sadələşdirilməsi və rəqəmsal sistemlərin qarşılıqlı fəaliyyətinin təmin edilməsi istiqamətində iş aparılır.