Nazir müavini: Özbəkistan Xəzərdə donanma yaratmaq üçün gəmilər almağı nəzərdən keçirir

Region
  • 23 iyun, 2026
  • 15:47
Nazir müavini: Özbəkistan Xəzərdə donanma yaratmaq üçün gəmilər almağı nəzərdən keçirir

Özbəkistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) buraxılış qabiliyyətini genişləndirmək məqsədilə Xəzər dənizində öz ticarət və bərə donanmasını formalaşdırmaq üçün gəmilərin alınması və fraxt edilməsi imkanını nəzərdən keçirir.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev Brüsseldə "Connectivity Agenda Platform"un istifadəyə verilməsinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Çoriyevin sözlərinə görə, Daşkənd ölkənin xarici ticarət yük axınlarına xidmət etmək üçün öz donanmasının yaradılması strategiyası üzərində işləyir. O qeyd edib ki, Orta Dəhlizin gələcək inkişafı ilk növbədə sərhəd keçidlərində və buraxılış qabiliyyəti çatışmazlığı ilə üzləşən infrastrukturda "dar boğazların" aradan qaldırılmasını tələb edir.

Nazir müavini həmçinin Avropa və Asiya arasında yük axınlarının artması fonunda Avropa İttifaqının texniki dəstəyinin və Mərkəzi Asiya ölkələri üçün ticarət imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Çoriyevin fikrincə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin inkişafına əlavə təkan verə bilər. Bu xəttin mövcud nəqliyyat şəbəkələrinə inteqrasiyasından sonra marşrut regionun ticarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə, dəhlizin yükgöndərənlər və investorlar üçün cəlbediciliyini artıra bilər.

Xatırladaq ki, dənizə çıxışı olmayan Özbəkistan son illərdə xarici ticarəti şaxələndirmək və ənənəvi logistika istiqamətlərindən asılılığı azaltmaq üçün alternativ nəqliyyat marşrutlarını fəal şəkildə inkişaf etdirir.

44 filmi