Moskvada MDB-nin 25 illiyinə həsr olunmuş forum keçiriləcək

Region
  • 02 noyabr, 2016
  • 13:02
Moskvada MDB-nin 25 illiyinə həsr olunmuş forum keçiriləcək

Moskva. 2 noyabr. REPORT.AZ/ Moskvada noyabrın 9-10-da "MDB-nin 25 ili: qarşılıqlı anlaşma, əməkdaşlıq və inkişaf" adlı açıq beynəlxalq forum keçiriləcək.

"Report" xəbər verir ki, forumun təşkilatçısı qismində Müstəqil Dövlətlər Birliyi (MDB), xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik (Rossotrudniçestvo) çıxış edir.

Tədbirdə panel müzakirələr, tematik konfranslar, "dəyirmi masa"lar və layihə seminarları çərçivəsində birgə humanitar layihələrin səmərəliliyinin artırılması, elmi, biznes, təhsil dairələrinin rolunun gücləndirilməsi, eləcə də MDB ölkələrinin qarşısında duran çoxtərəfli humanitar əməkdaşlıq ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Forumun işində MDB İcraiyyə Komitəsinin, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, diplomatik xidmətlərin, qanunvericilik və icra hakimiyyətinin federal və regional orqanlarının, ictimai, dini, qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri, mədəniyyət və KİV təmsilçiləri iştirak edəcəklər.