Məhkəmə müxalifətçi Aşotyanın ev dustaqlığını daha 3 ay uzadıb

Region
  • 26 noyabr, 2026
  • 16:58
Məhkəmə müxalifətçi Aşotyanın ev dustaqlığını daha 3 ay uzadıb

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan daha 3 ay ev dustaqlığında qalacaq.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə bildirib.

Cinayət işinin materiallarına əsasən, sabiq təhsil naziri Aşotyan vəzifə səlahiyyətlərindən istifadə edərək, maliyyə nazirliyinin keçmiş rəhbəri Qaqik Xaçaturyan, onun oğlu, Bryusov adına İrəvan Dövlət Universitetinin İdarə Heyətinin sədri, rektoru və üç prorektoru, eləcə də onlarla əlaqəli şəxslə əlbir olaraq korrupsiya sxemi vasitəsilə 451,1 kvadratmetr sahəsi olan, 209 milyon dram (581 min ABŞ dolları) dəyərində daşınmaz əmlakı və torpaq sahəsini yüksək vəzifəli məmurun və onunla əlaqəli şəxsin fondunun mülkiyyətinə keçirməkdə ittiham olunur.

Əmlakın qanunsuz mənşəyini gizlətmək məqsədilə o, əvvəlcə G. T. adlı şəxsin adına rəsmiləşdirilib, daha sonra isə Qaqik Xaçaturyanın oğluna formal şəkildə satılıb. Bundan əlavə, Aşotyan və M. Heratsi adına İrəvan Dövlət Tibb Universitetinin sabiq rektoru Mikael Narimanyan ali təhsil müəssisəsinə məxsus, təxminən 100 min ABŞ dolları dəyərində əmlakı mənimsəməkdə ittiham olunurlar. Onlara Ermənistan Respublika Partiyasının sədr müavininin universitetin Himayəçilər Şurasına rəhbərlik etdiyi dövrdə "Tsovasar" hotel kompleksinin kotteclərini şişirdilmiş qiymətlərlə almaq ittihamı irəli sürülüb.

44 filmi