Marneulidə "Azərbaycanda təhsil imkanları" mövzusunda infosessiya keçirilib
- 06 oktyabr, 2025
- 23:43

Gürcüstanda "Azərbaycanda təhsil imkanları" mövzusunda infosessiya keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Evinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "Study in Azerbaijan" MMC-nin birgə təşəbbüsü ilə baş tutan infosessiya Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evində təşkil olunub.
İnfosessiyanın məqsədi gənclərə Azərbaycanda ali təhsil imkanları barədə məlumat vermək, onların ölkəmizdə təhsil almağa marağını artırmaq və mövcud dəstək mexanizmləri barədə məlumatlandırmaq olub.
Görüşdə Marneuli rayonunun orta məktəblərindən və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzindən 40-dan çox 11-12-ci sinif şagirdi iştirak edib.
Tədbiri "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov açaraq Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil və elm sahəsində inkişafına göstərdiyi diqqətdən danışıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramiz Hacızadə çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, son illərdə Gürcüstanda azərbaycanlı gəncləri üçün yaradılan təhsil imkanlarının genişləndiyini diqqətə çatdırıb. O həmçinin ADA Universitetində təhsil alan gürcüstanlı magistrantların sayının 60-dan artıq olduğunu qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı son illərdə ali təhsil sahəsində əldə edilən nailiyyətlər, universitetlərin beynəlxalq reytinqlərdə irəliləyişi və təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində görülən işlər barədə məlumat verib.
"Study in Azerbaijan" MMC-nin rəhbəri Zemfira Məmmədova "Azərbaycanda ali təhsil imkanları" mövzusunda təqdimatla çıxış edərək ölkənin ali təhsil müəssisələrində mövcud tədris proqramları, beynəlxalq tərəfdaşlıqlar və xarici tələbələr üçün yaradılmış şərait haqqında danışıb.
Tədbirdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov və bir sıra müəllimlər də çıxış ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən maarifləndirici materiallar təqdim olunub.