Marneulidə azərbaycanlı abituriyentlər üçün ödənişsiz sınaq imtahanı keçirilib
- 28 iyun, 2026
- 14:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Marneuli şəhərində azərbaycandilli məktəblərin abituriyentləri üçün ödənişsiz sınaq imtahanı keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Marneulidə yerləşən Azərbaycan Evində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 1+4 universitetə hazırlıq proqramı üzrə vahid milli imtahan çərçivəsində sınaq imtahanı təşkil olunub.
İmtahanda 150-yə yaxın abituriyent iştirak edib. Onlardan 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının dinləyicisi olub. İmtahan bütün iştirakçılar üçün ödənişsiz keçirilib.
İmtahanın məqsədi abituriyentlərin bilik və hazırlıq səviyyəsini qiymətləndirmək, onların imtahan mühitinə uyğunlaşmasına kömək etmək və qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına dəstək verməkdir.