Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb

Daxili siyasət
  • 29 oktyabr, 2026
  • 23:21
Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində yerləşən azərbaycanlıların 1980-ci illərin sonlarınadək yaşadıqları Qorçulu (indiki Qorqoç) Azərbaycan kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, bu barədə məqalə "Perished Civilization" nəşrində yayımlanıb.

Çar dövründə kəndin adı "Korçuln", "Korçalu", "Allahverdikənd", sovet dövründə isə "Korçrlu" və "Korçlu" kimi yazılıb. Toponimi monqol dövrünə gedib çıxan, saray-hərbi vəzifəsini bildirən türkcə "qorçu" sözü ilə əlaqələndirirlər. XIV-XVIII əsrlərdə Azərbaycanda xüsusi mühafizə dəstələrinin və saray qvardiyasının döyüşçülərini belə adlandırıblar.

2006-cı ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Qorqoç qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Kotayk vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Dərəçiçək mahalının tərkibində olub.

1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub. Müxtəlif dövrlərdə kənddə azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.

1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.

Qorçulu sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində müasir Ermənistan ərazisində azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd haqqında məlumat toplanaraq sistemləşdirilib. Həmin kəndlərin bəzilərində qəbiristanlıqlar, pirlər və məscidlər kimi türk mədəni-tarixi irsinin qalıqları bu günədək qorunub saxlanılıb.

Qorçulu kəndində Azərbaycan irsi erməniləşdirilib, sakinlər etnik təmizləməyə məruz qalıb

44 filmi