İrakli Kirtsxaliya: Səfirlərin fəaliyyətində Gürcüstanın daxili işlərinə müdaxilə əlamətləri var

Region
  • 07 oktyabr, 2025
  • 12:45
İrakli Kirtsxaliya: Səfirlərin fəaliyyətində Gürcüstanın daxili işlərinə müdaxilə əlamətləri var

Gürcüstanda akkreditə olunmuş Qərb ölkələrinin səfirlərinin fəaliyyəti diplomatik çərçivədən kənara çıxır, lakin hökumət onları ölkədən çıxarmağı planlaşdırmır.

"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bunu parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.

O vurğulayıb ki, səfirlərin fəaliyyətində dövlətin daxili işlərinə müdaxilə əlamətləri var: "Lakin onların ölkədən çıxarılması Gürcüstanın bu ölkələrlə münasibətlərinə mənfi təsir göstərə bilər. Buna görə də biz birtərəfli dostluq rejimində qalırıq. Çünki hesab edirik ki, hazırkı qəbuledilməz vəziyyət müvəqqətidir".

Xatırladaq ki, Gürcüstanda yerli seçkilərin keçirildiyi gün - oktyabrın 4-də radikal müxalifət təmsilçiləri və tərəfdarları prezident sarayının həyətinə daxil olmağa cəhd göstəriblər. Onlar baryerləri aşaraq əraziyə soxulsalar da, polis əməkdaşları tərəfindən həyəti tərk etməyə məcbur ediliblər.

Qərb diplomatik missiyaları ilə münasibətlərdə gərginlik bu hadisələr fonunda baş verir. Bu gün Gürcüstan Xarici İşlər Nazirliyində bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə görüş keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti