Gürcüstanda saxlanılan 64 qanunsuz miqrant arasında azərbaycanlı da var
- 09 oktyabr, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri zamanı 64 xarici ölkə vətəndaşı saxlanılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, xüsusi tədbirlər çərçivəsində Miqrasiya İdarəsinin əməkdaşları ölkənin müxtəlif ərazilərində yerləşən obyektləri yoxlayaraq Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşları müəyyən ediblər.
Saxlanılanlar arasında İordaniya, Pakistan, Türkiyə, Rusiya, Hindistan, Banqladeş, Azərbaycan, Türkmənistan, Çin, Tailand və Özbəkistan vətəndaşları var.
Nazirliyin məlumatına görə, həmin şəxslərin Gürcüstanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləyən qanunvericiliyin tələblərini pozduqları müəyyən edilib.
Hazırda saxlanılanlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdiriliblər. Onların ölkədən deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.
DİN-in məlumatına görə, qanunvericilik dəyişikliklərinin qəbulundan sonra xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində ümumilikdə 20 mindən çox xarici ölkə vətəndaşı yoxlanılıb.