Gürcüstan COP31 çərçivəsində Orta Dəhlizi müzakirə edib
- 10 noyabr, 2026
- 22:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan nəqliyyat, enerji səmərəliliyi, logistika sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək niyyətindədir və bu yolla Orta Dəhlizin rəqabət qabiliyyətinə töhfə verəcəyini düşünür.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili COP31 çərçivəsində BMT Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan və Beynəlxalq Nəqliyyat Forumunun baş katibi Yanq Tae Kim ilə görüşdə deyib.
Bildirilib ki, Anakliya dərin dəniz limanı, dəmir yolunun modernləşdirilməsi, Şərq-Qərb avtomagistralı və yeni Tbilisi hava limanı layihələri Gürcüstanın regional bağlantıdakı rolunu artıracaq və Orta Dəhlizin rəqabət qabiliyyətinə töhfə verəcək.
Görüşlərdə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze də iştirak edib.