Gümrü meriyası tətil keçirəcək - YENİLƏNİB-4
- 20 oktyabr, 2025
- 17:38
Gümrü meriyası sabahdan tətil elan edir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mer Vardan Qukasyanın müavini və kürəkəni Avetis Arakelyan bildirib.
Qeyd edək ki, V.Qukasyan saxlanılıb və İrəvana aparılıb.
Güc strukturlarının əməkdaşları Gümrü meri Vardan Qukasyanı meriya binasından çıxararaq mühafizənin müşayiəti ilə aparıblar.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Mövcud məlumatlara görə, o, İrəvana - Antikorrupsiya Komitəsinə aparılacaq.
Meriyanın qarşısında vəziyyət gərgin olaraq qalır: Gümrü sakinləri onun saxlanmasına etiraz etməyə davam edirlər. Merin müavinlərindən biri bildirib ki, bələdiyyə nümayəndələri İrəvana, çox güman ki, istintaq orqanının binasına getmək niyyətindədirlər.
Xatırladaq ki, Qukasyan və daha yeddi nəfər rüşvət almaqda ittiham olunur. İstintaqın məlumatına görə, mer və meriyanın baş memarı təxminən 1,5 min kv.m sahəsi olan qanunsuz tikilinin sökülməməsi ilə bağlı razılığa gələrək onun sahibindən təxminən 10 min dollar alıblar.
Ermənistan Daxili İşlər Nazirliyi Gümrü meri Vardan Qukasyanın saxlanılmasına mane olmağa çalışan vətəndaşların cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Hüquq-mühafizə orqanları şəhər sakinlərini qanunsuz hərəkətlərdən çəkinməyə və istintaq tədbirlərinin aparılmasına mane olmamağa çağırıb. Meriya binası qarşısında vəziyyət gərgin olaraq qalır.
KİV-in məlumatına görə, şəhər xidmətlərinin işi faktiki olaraq iflic olub.
Merin mətbuat katibi Lilit Agekyan jurnalistlərə bildirib ki, bələdiyyənin bütün texnikası sürücülərlə birlikdə cərimə meydançasına aparılıb.
Gümrünün meri Vardan Qukasyan və daha yeddi nəfər rüşvət almaqda ittiham olunur.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
"Mer və daha yeddi nəfər barəsində cinayət işləri açılıb, onların saxlanılması barədə qərar qəbul edilib", - komitədən əlavə edilib.
Qurumun məlumatına görə, mer və baş memar təxminən 1,5 min kvadrat metr sahəsi olan qanunsuz tikilini sökməmək barədə razılaşıb, əvəzində sahibindən rüşvət kimi təxminən 10 min dollar tələb ediblər.
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Daha əvvəl bu gün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları Gümrü meriyasında əməliyyat tədbirləri keçiriblər.
Komitədən bildirilib ki, meriyada istintaq tədbirləri cinayət işi çərçivəsində həyata keçirilib.
Bu yaxınlarda onun oğluna qarşı hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə ittihamı ilə cinayət işi açılıb.