Azərbaycan XİN: Bakı ilə Vyana texnologiya və logistika sahəsində əməkdaşlığı genişləndirə bilər

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 20:05
Azərbaycan XİN: Bakı ilə Vyana texnologiya və logistika sahəsində əməkdaşlığı genişləndirə bilər

Azərbaycanla Avstriya infrastruktur və logistika sahələrində iqtisadi əməkdaşlığı genişləndirmək üçün mühüm potensiala malikdir.

"Report" xəbər verir ki, bunu azərbaycanlı diplomat Nərgiz Qurbanova Avstriyanın Milli Günü münasibətilə təşkil olunan qəbulda bildirib.

Onun sözlərinə görə, sənaye, texnologiya və infrastruktur sahələrində Avstriya təcrübəsi Azərbaycanın nəqliyyat-logistika imkanları və iqtisadi potensialı ilə birlikdə tərəfdaşlıq üçün yeni perspektivlər açır.

N. Qurbanova həmçinin bildirib ki, bu il Azərbaycan Avstriyaya təbii qaz tədarük etməyə başlayıb. Beləliklə, Azərbaycan qazını alan Avropa İttifaqına üzv dövlətlərin sayı ona çatıb.

O, xüsusi diqqəti humanitar əlaqələrə ayırıb. Avstriya ali təhsil üçün xarici ölkələri seçən azərbaycanlı tələbələr arasında ən populyar istiqamətlər sırasındadır.

Bundan əlavə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 2027-2028-ci illər üzrə qeyri-daimi üzvlüyə Avstriyanın namizədliyini dəstəkləyib.

N. Qurbanova Avstriya tərəfini seçilməsi münasibətilə təbrik edib, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal çağırışların öhdəsindən gəlinməsi istiqamətində birgə səylərin vacibliyini vurğulayıb.

44 filmi