Ermənistanın keçmiş meri çirkli pulların yuyulmasında ittiham olunur

Region
  • 03 noyabr, 2025
  • 20:32
Ermənistanın keçmiş meri çirkli pulların yuyulmasında ittiham olunur

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın kürəkəni, Abovyan şəhərinin keçmiş meri Karapet Quloyana qarşı istintaqını başa çatdırıb və işi məhkəməyə göndərib.

"Report" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

İşin materiallarına görə, Quloyan vəzifəsindən sui-istifadə edərək meydanlar, yollar, bağlar və parklar da daxil olmaqla 65 dövlət torpaq sahəsi satıb. Quloyan satışları açıq hərraclar olmadan həyata keçirib və meriya işçilərinin iştirakı ilə saxta hərrac hesabatları hazırlayıb.

Bundan əlavə, əvvəlcədən razılaşma əsasında Quloyan mənimsədiyi torpaq sahələrini saxta sənədlər yaratmaqla qanuniləşdirib.

Keçmiş merə çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. O, ittihamları etiraf edib və 261 milyon dram (678 min dollar) məbləğində tam təzminat ödəyib.

Ona 40 milyon dram (100 min dollardan bir qədər çox) girov müqabilində ölkədən çıxmamaq barədə iltizam tətbiq edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti