Ermənistan MTX-də Xarici Əks-Kəşfiyyat Xidməti yaradılacaq
- 06 noyabr, 2025
- 11:35
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yanında Xarici Əks-Kəşfiyyat Xidməti yaradılacaq.
"Report"un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin bu gün keçirilən iclasında təsdiqlənən "Milli təhlükəsizlik orqanları haqqında" qanuna müvafiq dəyişikliklər layihəsi tezliklə parlamentə təqdim ediləcək.
Qanun layihəsinin MTX və Xarici Kəşfiyyat Xidmətinin funksiyalarının bölünməsi ilə əlaqədar qəbul edilməsi təklif olunur. Ölkənin xarici kəşfiyyat fəaliyyəti ilə Xarici Kəşfiyyat Xidməti məşğul olacaq, xarici əks-kəşfiyyat isə MTX-nin strukturunda qalmalıdır. Bunun üçün MTX-də müvafiq bölmənin yaradılması, eləcə də onun Xarici Kəşfiyyat Xidməti ilə qarşılıqlı əlaqəsinin tənzimlənməsi zərurəti yaranıb.
Yeni bölmənin vəzifələrinə Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi də daxil olacaq.
Xatırladaq ki, Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və Kristine Qriqoryan onun rəhbəri təyin olunub.