Rusiyalı iş adamı: "FTB-nin İranda saxlanılan keçmiş əməkdaşının azadlığına 20 milyon xərcləmişəm"

Region
  • 03 iyul, 2019
  • 11:25
Rusiyalı iş adamı: FTB-nin İranda saxlanılan keçmiş əməkdaşının azadlığına 20 milyon xərcləmişəm

“ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinsonun İran əsirliyindən azad olunması məqsədilə 2,5 il ərzində 20 milyon dollardan artıq pul xərcləmişəm”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya və Kipr vətəndaşı olan iş adamı, milyarder Oleq Deripaska “Hill TV”yə müsahibəsində bildirib.

O, Levinsonun azad edilməsi əməliyyatına Federal Təhqiqatlar Bürosunun istəyi ilə pul xərclədiyini vurğulayıb. Oleq Deripaskanın sözlərinə görə, o vaxt FTB-yə Robert Müller başçılıq edirdi və Levinsonun azad edilməsinə yardım etməyi onun müavini Endryu Makkeyb istəyib.

Qeyd edək ki, Oleq Deripaska 1968-ci ildə Rusiyanın Qorki vilayətinin Dzerjinski şəhərində anadan olub. “RUSAL” şirkətinin prezidentidir. “Forbes”in 2018-ci il yanvarın 1-nə olan hesablamasına əsasən, onun 7,1 milyard dollarlıq sərvəti var.

O qeyd edib ki, Levinson sərbəst buraxılmaq üzrə olanda ABŞ-ın Dövlət Departamentində problem yaranıb: “O vaxt dövlət katibi Hillari Klinton idi. Dövlət Departamentindən bildirdilər ki, Levinsonun azad edilməsi ilə bağlı razılaşmadan imtina edirlər. Departamentdən Rusiya işləri ilə məşğul olan bir nəfər bildirdi ki, onlar mənə borclu qalmaq istəmədikləri üçün razılaşmanı pozublar. Ancaq mən bunun qarşılığında ABŞ-dan heç nə gözləmirdim”.

Xatırladaq ki, 2007-ci ilin mart ayında ticarət məqsədilə İslam Respublikasına səfər etmiş Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Robert Levinson İranın Kiş adasında yoxa çıxıb. Rəsmi Tehran onunla bağlı məlumatsız olduğunu iddia edir. Levinsonun bu fotosunun İran həbsxanasında çəkildiyi bildirilib.