Ukrayna Baş nazirinin müavini: SOCAR-ın vurulan obyektlərinin bərpasına dəstək verəcəyik 

Region
  • 18 avqust, 2025
  • 15:33
Ukrayna Baş nazirinin müavini: SOCAR-ın vurulan obyektlərinin bərpasına dəstək verəcəyik 
Oleksiy Kuleba

Ukrayna adından Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürümüzü çatdırmaq istəyirəm.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba bildirib.

"Genişmiqyaslı işğal zamanı, eləcə də təcavüzkara qarşı apardığımız bu 11 illik mübarizə zamanı Ukraynaya daimi humanitar dəstək verənlər arasında Azərbaycan da olub. Buna görə xalqımız adından təşəkkür etmək istəyirəm. Təəssüf ki, Ukraynada Azərbaycan kapitalı olan infrastruktur obyektləri Rusiyanın atəşindən əziyyət çəkir. Dostlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, gələcəkdə bu obyektlərin bərpasına və qorunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik", - o bildirib.

"Çoxlu birgə layihələrimiz var və ölkəmizin bərpasında Azərbaycan bizə kömək edir. Azərbaycan ilə Kiyev vilayətində sosial infrastrukturun bərpasına kömək edən gözəl layihələrimiz var. Təbii ki, istilik mövsümünün başlamasına az qalmış bizim üçün çox vacib olan burgə böyük enerji layihələrini və Azərbaycan tərəfinin dəstək paketini qeyd etməyə bilmərəm. Əməkdaşlıqda qarşımızda duran vəzifələr son dərəcə yüksəkdir. Sizə bir daha təşəkkür edirəm", - baş nazirin müavini əlavə edib.